MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYALARINDA QANUN LAYİHƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
İclasda “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycanla Koreya arasında hava əlaqələrinin yaradılması hər iki ölkənin maraq dairəsindədir. Saziş təsdiq edildikdən sonra birinci yük təyyarələrinin uçuşuna icazə veriləcək, sərnişin təyyarələrinin reysləri bir qədər gec həyata keçiriləcəkdir.
Sonra digər qanun layihələrinə baxılmışdır. Bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə əlaqədar 25 qanuna redaktə xarakterli dəyişikliklər ediləcəkdir. Bu dəyişikliklər qanunların təkmilləşməsinə xidmət edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi isə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirəcəkdir.
Elə həmin gün parlamentin elm və təhsil məsələləri daimi komissiyasının da iclası keçirilmiş, iclasda “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olunmuşdur.