MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASI NÖVBƏTİ İCLASINI “BAKI – SOS UŞAQ KƏNDİ”NDƏ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komissiyanın üzvləri əvvəlcə “kəndi” gəzmiş, buradakı evlərə, uşaq bağçasına baş çəkmiş, uşaqların şəraiti ilə tanış olmuşlar. SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının icraçı direktoru Uğur Zeynallı qonaqlara ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, ilk “SOS uşaq kəndi” 1949-cu ildə Avstriyanın İmst şəhərində yaradılmışdır. Sonradan sayı artan bu kəndlərdə kimsəsiz və atılmış uşaqlara uzunmüddətli qayğı göstərilir. 1999-cu ildə yaradılmış və açılışında ümummilli liderimiz Heydər Əliyevin iştirak etdiyi “Bakı - SOS uşaq kəndi” 14 evdən ibarətdir. Xətai rayonundakı bu “kənd”də uşaq bağçası da vardır. Bağçaya kənar ailələrdən də uşaqlar gəlir. Hazırda buradakı 85 körpənin yalnız 21-i “kənd”in sakinidir. Evlərin hər birində “SOS ana”nın himayəsində 7-8 uşaq vardır. Uşaqların həyat tərzi maksimum şəkildə normal ailədə olan şəraitə yaxınlaşdırılmışdır. “SOS ana” uşaqlarla birgə yaşayır, onların inkişafını istiqamətləndirir, ev təsərrüfatını müstəqil idarə edir. Məktəb yaşlı uşaqlar şəhərin müxtəlif təhsil ocaqlarında təhsil alırlar. Onlar 16 yaşınadək bu “kənd”də yaşayacaqlar.
Komissiyanın sədri Hadi Rəcəbli səyyar iclası açaraq demişdir ki, komissiya üzvləri buradakı evlərin sakinləri ilə ailəliklə dostluq etməyi qərara almışlar. İndən belə onların ailə üzvləri dostlaşdığı evdə olacaq, bu evlərin sakinləri isə həmin ailələrə qonaq gedəcəklər.
Komissiyanın üzvü Amalya Pənahova qeyd etmişdir ki, uşaqların yaşayış şəraiti ailədəkindən az fərqlənir. Çox yaxşı haldır ki, uşaqlara ata-analarının olmadığı ilk gündən anladılır. Bu, gələcəkdə onlara vurula biləcək mənəvi zərbənin qarşısını indidən alır. Bəzi uşaqların valideyni üzə çıxır, vaxtilə atdığı övladın ardınca gəlir. Bu uşaqlar ya valideynə qaytarılmalı, ya da onların görüşünə icazə verilməməlidir. Bir vaxtlar uşağından imtina etmiş ata və ya ana gözə görünməsə yaxşıdır. Ona görə də yerlərdə ekspertlər ciddi işləməli, “kənd”ə tam kimsəziz uşaqlar götürülməlidir.
Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının icraçı direktoru Uğur Zeynallı və başqaları da çıxış etmişlər. Məlumat verilmişdir ki, yaxın müddətdə belə bir “kənd” Gəncədə də açılacaqdır. Uşaqların bu “kəndlərə” yerləşdirilməsi hökumətin onlar barədə qayğısını azaltmamalıdır fikri xüsusi vurğulanmışdır.
“Bakı - SOS uşaq kəndi”nin sakinləri qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.