SİYASƏT
Milli Məclisin plenar iclasında bir sıra qanunlara dəyişikliklər edilib
Oktyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etdi. Gündəlik qəbul olunduqdan sonra bir sıra məsələlər müzakirə edildi. Deputatlar 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımızı təbrik edərək müstəqillik tarixinə nəzər saldılar. Qeyd olundu ki, ötən müddətdə ölkəmiz böyük inkişaf yolu keçib. Xüsusilə son 10 ildə Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmiz həm daxildə, həm də xaricdə böyük uğurlara nail olub. Deputatlar Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması və təbliği üçün parlamentin apardığı işi daha da gücləndirməyi təklif etdilər.
Sədr Oqtay Əsədov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında qəbul olunan sənəddə Azərbaycanın adının da separatizmdən əziyyət çəkən ölkələr sırasında yer almasının önəmli hadisə olduğunu bildirdi. Oqtay Əsədov Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ respublikası” ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatların tamamilə yalan olduğunu söylədi. Sədr bununla bağlı məlumatların yalnız erməni saytları tərəfindən yayıldığını, Avropa saytlarında isə rəsmi olaraq belə bir məlumatın olmadığını diqqətə çatdırdı.
Sonra bir sıra qanunlara dəyişikliklərlə bağlı müzakirələr aparıldı.
Əvvəlcə deputatlar “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxardılar. Qanun layihəsində dəyişikliyə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilərkən vurğulandı ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun adı dəyişdirilərək “Pasportlar haqqında” Qanun adlandırılıb və bu qanundan bir sıra maddələr çıxarılıb.
Daha sonra “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə edildi. Qeyd olundu ki, dəyişikliyə görə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.
“Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, layihəyə əsasən, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.
Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Daha sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Ovçuluq haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edildi.
İclasda, eyni zamanda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında”, Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında” əsasnamələrə dəyişikliklər edilməsi barədə qanun layihələri də nəzərdən keçiriləcək. Həmçinin Əmək, Miqrasiya, Ailə, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olundu.
Müzakirə edilmiş bütün qanun layihələri qəbul olundu.