MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV STRASBURQDAN QAYITMIŞDIR
Mayın 21-də Azərbaycan parlamentinin nümayəndə heyəti Vətənə qayıtmışdır.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Murtuz Ələsgərov səfərin nəticələri ilə bağlı AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir. Parlamentin sədri demişdir: Səfər çərçivəsində mən “Vətəndaş Avropası -parlamentlər və vətəndaşların iştirakı” mövzusunda keçirilən konfransda çıxış etdim, Avropa Şurası və Parlament Assambleyasının rəhbərləri, Türkiyə Böyük Millət Məclisinin sədri, Cənubi Qafqaz və GUÖAM ölkələri parlament sədrləri ilə maraqlı görüşlər keçirdim.
Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları spikerlərinin görüşündə Qafqazda sabitlik paktının imzalanması, Cənubi Qafqaz ölkələri Parlament Assambleyasının yaradılması məsələləri müzakirə olunmuşdur. Mən parlament assambleyasının yaradılması məsələsinə etiraz etdim, sabitlik paktı ilə bağlı gələcəkdə müzakirələr aparılmasının mümkünlüyünü vurğuladım. Ermənistanla əlaqələrimizin bərpasına və inkişafına gəldikdə qəti olaraq bildirdim ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayana, məcburi qaçqın və köçkünlər öz doğma yurdlarına qayıtmayana qədər bu barədə danışmağa dəyməz.
Cənubi Qafqaz ölkələri spikerlərinin növbəti görüşünün bu ilin iyun ayında Fransanın Versal şəhərində keçirilməsi nəzərdə tutulub.
Daha bir maraqlı görüş GUÖAM ölkələri spikerləri (Özbəkistan Avropa Şurasının üzvü olmadığı üçün görüşdə iştirak etməyib) arasında keçirilmişdir. Görüşdə GUÖAM ölkələri arasında 1998-ci ildə imzalanmış Strasburq Konvensiyası müzakirə edilmiş və bu il GUÖAM Parlament Assambleyasının təsis yığıncağının keçirilməsi qərara alınmışdır. Tədbirin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.
Parlamentin sədri Murtuz Ələsgərovu hava limanında Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qarşılamışlar.