“Milli-mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Mədəniyyəti Sosial Platformasının və Ağsu Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi rəisi Nəcəf Novruzov, Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ümüd Məlikov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin məsləhətçisi Tural Vahidov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Ağsu Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məmmədhüseyn, "Azərbaycan Mədəniyyəti" sosial platformasının mətbuat katibi Fidan Oruc Əliyeva və fəal gənclər iştirak ediblər.
Çıxışçılar bildiriblər ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. İslam dini də bizim milli-mənəvi kimliyimizin ayrılmaz hissəsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”.
Natiqlər yeniyetmə və gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd ediblər.
Sonda 2015-ci il Muğam müsabiqəsinin diplomatı, "Azərbaycan Mədəniyyəti" sosial platformasının muğam ifaçısı Ülkər Orucova milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam ifaları ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.