Milli Mətbuat Gününə həsr olunmuş futzal üzrə yoldaşlıq görüşü keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutan görüş dostluq şəraitində keçib.
Yekunda güləş yığmamızın üzvləri və məşqçiləri jurnalistlər yığmasına 6:2 hesabı ilə qalib gəliblər.
Oyun başa çatdıqdan sonra jurnalistlər üçün ziyafət verilib. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.