MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ YUBİLEY YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov yığıncağı açaraq, əməkdaşları peşə bayramı münasibətilə, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin Sərəncamı ilə orden və medallarla təltif olunanları isə həm də yüksək mükafat almaları ilə əlaqədar təbrik etdi. O əminliklə bildirdi ki, şəxsi heyət sədaqətli xidmət nümunələri göstərərək dövlətin, xalqın yüksək etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Yığıncaqda bir sıra aparıcı dövlətlərin, o cümlədən Türkiyənin, ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın, Rusiyanın, Ukraynanın, Qazaxıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarından, MDB üzvü olan dövlətlərin Antiterror Mərkəzindən, digər xarici təşkilatlardan, respublikamızın dövlət, hökumət idarələrindən daxil olmuş təbriklər oxundu.
Nazir Namiq Abbasov Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə öz xidməti borcunu şərəflə yerinə yetirərkən göstərdiyi şücaətə görə Prezidentin 1994-cü il 9 oktyabr Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş baş leytenant Əliyev Nadir Alış oğlunun vəsiqəsini onun xanımına təqdim etdi. Ölkədə konstitusiyalı dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat, terror, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında öz xidməti borclarını yerinə yetirərkən fərqləndiklərinə və digər mühüm fəaliyyətlərinə görə müxtəlif dövrlərdə təltif edilmiş əməkdaşlara orden və medallar, qiymətli hədiyyələr təqdim olundu.