QAN YADDAŞI
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASINDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra erməni silahlı birləşmələri tərəfindən xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, soyqırıma məruz qalmış Xocalı sakinlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz, dəhşətli və qanlı səhifəsi olduğunu söyləyərək ermənilər tərəfindən törədilən qırğınlardan danışmış, Xocalıda baş verən bu vəhşiliklərin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayət olduğunu vurğulamışdır. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalıya basqın edərək, şəhəri yandırmış, uşağa, qadına, qocaya fərq qoymadan insanları dəhşətli işgəncələrlə qətlə yetirmişlər. O müdhiş gecədə Xocalı yerlə-yeksan edilmiş, şəhər sakinləri ermənilər tərəfindən soyqırımına məruz qalmışdır.
Natiq demişdir ki, 26 fevral faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Çünki o gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
General-mayor İ.Allahverdiyev ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymət verildiyini, soyqırımı qurbanlarına, onların yaxın qohumlarına dövlət qayğısının göstərildiyini qeyd etmişdir. Bu gün Xocalı faciəsi barədə dolğun məlumatlar dövlət siyasəti çərçivəsində beynəlxalq aləmə çatdırılır. Xarici ölkələrdə anım mərasimlərinin təşkili, yeni filmlər, broşürlər, bukletlərin hazırlanaraq yayılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bizim xeyrimizə həllində, faciələrimizin dünya ictimaiyyətinə çatdırılmasında və erməni təcavüzkarlarının iç üzünün açılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin son illər ardıcıl həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti, erməni təcavüzünü ifşa edən uğurlu addımları artıq öz bəhrəsini verir.
Tədbirdə çıxış edən müdavimlər də Xocalı faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bundan sonra da bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, torpaqlarımızın işğaldan azad edilməsi üçün Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin hər bir əmrinə hazır olduqlarını söyləmişlər.
Tədbirin sonunda “Xocalı” sənədli filmi nümayiş etdirilmişdir.