İDMAN
Millimizin kapitanı: Voleybolçularımızla özümü meydançada daha inamlı hiss edirəm
Bakı, 1 oktyabr, AZƏRTAC
Dünya çempionatının ilk oyununda məğlubiyyətdən ciddi nəticə çıxardıq. Hər birimiz ikinci görüşə var gücümüz ilə hazırlaşdıq. Məşqçilər bizi həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırladılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında çıxış edən Azərbaycan millisinin kapitanı Odina Əliyeva deyib.
O bildirib ki, Koreya Respublikası yığması ABŞ millisindən tamamilə fərqli voleybol oynayır. Koreyalılar daha sürətli voleybol oynayırlar. Mən komandamıza və qızlarımıza inanıram. Meydançada onlarla özümü daha inamlı hiss edirəm.
Qeyd edək ki, millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparır. Yığmamız ilk görüşdə ABŞ komandasına 0:3 hesabı ilə məğlub olub. İkinci oyunda voleybolçularımız Koreya Respublikasına qalib gəliblər – 3:0. Millimiz növbəti oyununu oktyabrın 2-də Rusiyaya qarşı keçirəcək.