Millinin baş məşqçisi: Avropa çempionatı stolüstü tennisçilərimiz üçün yaxşı təcrübə olacaq
Bakı, 23 yanvar, AZƏRTAC
“21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatında iştirak edəcək idmançılar ötən il keçirilən yarışların reytinq cədvəlinə əsasən seçilib. Sevindirici haldır ki, Azərbaycan yığmasının iki üzvü bu şansı əldə edə bilib”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında stolüstü tennis üzrə Azərbaycan millisinin baş məşqçisi Fərhad İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq U-21 Avropa çempionatına qatılacaq yığma üzvləri ilə bağlı danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, idmançıların belə nüfuzlu turnirdə iştirak hüququ qazanması böyük nəticədir: “Zemfira Mikayılova və Ləman Abdulhəmidovanın 19 yaşı var. Onlar ilk dəfə Avropa Çempionatında öz qüvvələrini sınayacaqlar. Yarışda 56-sı qız, 56-sı oğlan olmaqla ümumilikdə 112 idmançı iştirak edəcək. Avropanın ən güclüləri burada mübarizə aparacaqlar”.
F. İsmayılov bildirib ki, Azərbaycan təmsilçiləri çempionatda yüksək nəticə üçün əllərindən gələni edəcəklər: “Bu yarış onların beynəlxalq arenadakı təcrübələrini daha da artıracaq. Burada yüksək nəticə əldə edən idmançılara yaxşı reytinq xalları verilir. İdmançılarımız bacardıqları qədər irəliyə getməyə çalışacaqlar”.
Qeyd edək ki, Avropa çempionatı yanvarın 24-28-də təşkil olunacaq.