Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib



Bakı, 23 iyul, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Milli Mətbuat Günü münasibətilə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Mirsədi Dadaşov və jurnalist Esmira Hidayətova ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, görüşdə iştirak edən media təmsilçilərinin simasında öz vəzifəsini layiqincə yerinə yetirən bütün mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib.
MDU-nun fəaliyyətinin işıqlandırılmasında, geniş tanıdılmasında və ictimaiyyət ilə kommunikasiyasının qurulmasında əhəmiyyətli və fəal rol oynayan media təmsilçilərinə təşəkkürünü bildirən rektor onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Göstərilən diqqət və hörmətə görə minnətdarlıqlarını ifadə edən görüş iştirakçıları son dövrdə sürətlə modernləşən MDU-nun cəmiyyətdə artan nüfuzundan danışıblar və qarşıya qoyulan strateji hədəflərə doğru atılan addımlarda media ilə fəal əməkdaşlığa xüsusi önəmin verilməsini yüksək qiymətləndiriblər.
Sonra rektor Ş.Bayramov universitetin fəaliyyətini mətbuatda işıqlandırılmasında fəal iştirak etdiklərinə görə qonaqları təşəkkürnamə ilə təltif edib.
Qeyd edək ki, MDU rektoru tərəfindən təşəkkürnamə ilə təltif olunanlar sırasında ölkəmizdə fəaliyyət göstərən və universitetlə sıx əməkdaşlıq edən bir çox xəbər agentliklərinin, qəzet və televiziyaların əməkdaşları da yer alıb.