MİNGƏÇEVİRDƏ AVROPADA BƏNZƏRİ OLMAYAN AVARÇƏKMƏ BAZASI YARADILIR
Mingəçevir, 3 mart (AZƏRTAC). Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə “Kür” Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, inşaat işlərini nazirliyin sifarişi əsasında Serbiya-Azərbaycan birgə müəssisəsi - “Serbaz layihə və tikinti” MMC həyata keçirir. Burada Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılacaqdır.
2004-cü ildə Prezident İlham Əliyev Mingəçevirə səfəri zamanı keçmiş “Kür” avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihəsi hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanmışdır. Tikintidə 240 nəfər çalışır, onlardan 120-si Serbiyadan gəlmişdir.
Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan 6 mərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün ellinq daxildir.
Prezident İlham Əliyev tikinti sahələrinin layihələrinə baxdı. Məlumat verildi ki, inzibati korpusda inşaat işləri başa çatır, mehmanxana və üzgüçülük hovuzunun tikintisi isə davam etdirilir. Obyektin ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tikinti işləri tam başa çatdıqdan sonra bazanın ərazisində yüksək səviyyədə abadlıq işləri aparılacaq və istirahət guşələri yaradılacaqdır. Artıq indidən bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Ötən il bazanın yardımçı hissəsində avarçəkmə üzrə birinci “Prezident kuboku” beynəlxalq reqatası keçirilmışdır. Bu il martın 22-26-da ikinci reqata keçiriləcəkdir.
Prezident İlham Əliyev hazırda burada məşq edən idmançılarla və onların məşqçiləri ilə söhbət etdi.
Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması barədə tapşırıqlarını verdi.
######
![]() |
![]() |
![]() |
![]() |



