Mingəçevirdə keçirilən ixtisaslaşdırılmış kurslarda seçki prosedurları ətraflı izah edilir
Mingəçevir, 25 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunan seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisə keçiriləcək növbəti seçkilərə hazırlıqla əlaqədar təşkil olunan maarifləndirici kurslarda mütəxəssislər tərəfindən seçki günü icra olunacaq müxtəlif prosedurlar ətraflı izah edilir. Avqustun 25-də keçirilən məşğələdə çıxış edən 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov iştirakçılara parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə məlumat verib. Şəhər polis şöbəsinin rəis müavini Allahverdi Siraclı isə “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda çıxış edib. MSK-nın nümayəndəsi Nizami Nadirov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə danışıb. Kursda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, ixtisaslaşdırılmış kursların ikinci günü 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş, 90 saylı Ağdaş və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq mövzular üzrə təlimlər davam etdirilib.