Miniatür Kitab Muzeyinin 9 yaşı qeyd olunmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Miniatür Kitab Muzeyinin 9 illiyi və “Azərbaycan kinoplakatı (1929-1990)” kitabının təqdimatı ilə bağlı mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin təsisçisi Zərifə Salahova tədbiri açaraq bu mədəniyyət ocağının yaranma tarixindən danışmış, ümummilli liderimiz Heydər Əliyevin muzeyin inkişafındakı rolunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Bakıda ilk Miniatür Kitab Muzeyi YUNESKO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə - 2002-ci il aprelin 23-də ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə açılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxış edərək belə bir muzeyin təşkilinin əhəmiyyətindən danışmış, onun yaradıcısı Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirmiş, kollektivə yeni yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, Zərifə Salahova miniatür kitabları toplamaqla yanaşı, həm də nəşr etdirir. Muzey fəaliyyət göstərdiyi 9 il ərzində 30-dan çox miniatür kitab nəşr etdirmişdir. Muzeyin kolleksiyasını “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol”, “Şərq dastanları və lirikası” silsiləsi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk və digər söz ustalarının şeir topluları bəzəyir.
Muzeydə “Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təbriklər”, “Yeni Azərbaycan Partiyası”, “Vətənə, dövlətə, xalqa sadiqlik andı. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi” və ölkəmizdə nəşr olunmuş digər kitabların özünəməxsus yeri vardır. Hazırda muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 6 mindən çox kitab saxlanılır.
Vurğulanmışdır ki, “İndiqo” nəşriyyatında 100 nüsxə tirajla çap olunmuş “Azərbaycan kinoplakatı (1929-1990)” kitabının müəllifi Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadədir.
Sonda tədbirin iştirakçıları muzeydəki kitablarla tanış olmuşlar.
######
