Minskdə “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq Mediaforumu açılıb
Minsk, 12 may, AZƏRTAC
Minskdə “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq Mediaforumu işə başlayıb. Ənənəvi olaraq bu forum fikir mübadiləsi və yeni ideyaların hazırlanması, beynəlxalq mətbuat birliyinin həmrəyliyinin, ekspertlərin tərəfdaşlığın dərinləşməsində səylərinin gücləndirilməsi, dövlətlərarası inteqrasiya proseslərinin təkmilləşdirilməsi, MDB-də ümumi humanitar məkanın yaradılmasına imkanı yaradılması üçün meydan rolunu daşıyır. Hazırkı forum MDB-nin 25-ci yubileyi kontekstində keçirilir. Tədbirə KİV-lərin rəhbərləri, tanınmış politoloqlar, Birlik ölkələri, yaxın və uzaq xaricin ekspertləri dəvət edilib.
Mediaforumda ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Zeynal Ağazadə, “Bakinski raboçiy” qəzeti baş redaktorunun müavini İlqar İsmayılov, “Novosti -Azərbaycan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, "Kaspi" qəzetinin xüsusi müxbiri Nelli Atəşgah təmsil edirlər.
Mayın 11-də "Belarusda KİV" XX Beynəlxalq ixtisaslaşmış sərgisinin açılış mərasimi keçirilib. Çoxsaylı iştirakçılar sərginin ekspozisiyalarını nəzərdən keçirib. Tədbirin rəsmi hissəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun "Belarusda KİV-lər" XX Beynəlxalq ixtisaslaşmış sərgisi və XI Belarus Beynəlxalq Mediaforumu iştirakçılarına göndərdiyi təbrik məktubu oxunub.
Sonra çıxış edən Belarus informasiya naziri Lilia Ananiç vurğulayıb ki, kütləvi informasiya vasitələri yaradıcı proseslər üçün katalizator olmalıdır.
TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, "Belarusda KİV-lər" kimi sərgilər jurnalistlərə böyük hədiyyədir. Onun fikrincə, media cəmiyyətdə baş verən hadisələrin güzgüsü kimi, həyatın, bütöv dövrün mənzərəsini əks etdirir.
Axşam "Qızıl Liter" çap KİV-ləri XII Milli Müsabiqəsinin qalibləri və laureatlarının təltif olunması mərasimi keçirilib.