“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təmiz kənd” sorağındadır
Bakı, 22 aprel (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) əməkdaşları aprelin 19-dan 21-dək Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində olmuşlar.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, məqsəd qurumun reallaşdırdığı yeni layihə çərçivəsində həmin kəndlərin yerli icmalarının nümayəndələri ilə görüşlərin keçirilməsindən, eyni zamanda, ekoloji və etnoqrafik durumun monitorinqi və araşdırılmasından ibarət olmuşdur.
Layihə sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndlərinin timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu yaşayış məntəqələrinin başqalarına nümunə olmasına yönəlmişdir.
Artıq xəbər verildiyi kimi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ilin martından “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirməyə başlamışdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilir.
Layihə çərçivəsində Çiyni kəndində keçirilən görüşdə kənd bələdiyyəsinin üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, müəllim və məktəblilər, uşaq bağçasında çalışan tərbiyəçilər iştirak etmişlər.
Sorğuda fəal iştirak edən yerli icma nümayəndələri kənddəki ekoloji durum, adət-ənənələr, başqa yaşayış məntəqələri ilə oxşar və fərqli cəhətləri, eləcə də unudulmuş təsərrüfat sahələrinin bərpasının perspektivləri ilə bağlı öz fikirlərini bildirmişlər.
Gəgəli kəndində layihənin icraçılarını kənd bələdiyyəsinin sədri Eldəniz Cəlilov qarşılamış və sorğunu ilk olaraq özü cavablandırmışdır.
İçməli su qıtlığından əziyyət çəkən kənd camaatı layihəyə böyük maraq göstərmişdir. Yazılı və şifahi sorğulara həvəslə qatılan yerli icma nümayəndələri layihənin icrası üçün hər cür köməyə hazır olduqlarını bildirmişlər.
Ülgüc kəndində də sorğu və monitorinq aparılması üçün “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşlarına şərait yaradılmışdır. Ülgüc kəndinin sakinləri də kənddəki ekoloji duruma öz münasibətlərini, yaşadıqları yerin daha da abadlaşdırılması üçün təkliflərini bildirmişlər.
Layihənin icraçıları hər üç kənddə monitorinq və müşahidələr aparmış, müvafiq fotoçəkilişlər etmişlər.
Növbəti mərhələdə ekspertlər vəziyyəti qiymətləndirdikdən sonra həmin kəndlərin bələdiyyə işçiləri, yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər keçiriləcəkdir. Təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunacaq, bu istiqamətdə müvafiq tövsiyələr işlənib hazırlanacaqdır.
Daha sonra kənd ictimaiyyətinin nümayəndələrindən ibarət könüllü qrupları yaradılacaqdır. Ekspertlərin təlimatları əsasında kəndlərdə təmizlik işləri aparılacaq və gələcəkdə ekoloji təmiz kənd mühitinin saxlanması yolları axtarıb tapılacaqdır.
Layihə çərçivəsində görülən işlərə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin üzvlərindən ibarət könüllülər də cəlb olunmuşlar.
Layihənin rəhbəri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Azərbaycan Müəllimlər İnstitutunun elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.