İDMAN
MMA döyüşçümüz Vüqar Kərəmovun “Rizin 21” turnirində debütü uğurlu olub
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də MMA (qarışıq döyüş növləri) üzrə idmançımız Vüqar Kərəmov Yaponiyada birinci döyüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində Quam təmsilçisi Kayl Aquonu məğlub edib. Görüşdə idmançımız sağ qaşından zədə alsa da, hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.
Qeyd edək ki, V.Kərəmov Rizin Qran-prisində debüt edib. O, bundan əvvəl “Bellator”da mübarizə aparıb. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medala layiq görülən V.Kərəmov karyerası ərzində 17 döyüş keçirib, 14-də qələbə qazanıb, 3-də isə məğlub olub. K.Aquon isə 21 döyüşün 13-nü qələbə, 8-ni məğlubiyyətlə başa vurub.