MOLDOVANIN MALİYYƏ NAZİRLİYİ YANINDA BAŞ DÖVLƏT VERGİ MÜFƏTTİŞLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA SƏFƏRDƏDİR
Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Nümayəndə heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Nümayəndə heyətini Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qəbul etmişdir.
Vergilər naziri Fazil Məmmədovun nümayəndə heyəti ilə görüşündə ölkələrimizin vergi xidmətləri arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Sonra qonaqlar Bakı Şəhər Vergilər Departamentində və Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər İdarəsində 195 saylı telefon məlumat xidməti, yerli strukturların fəaliyyəti və idarəetmə prinsipləri, həmçinin vergi ödəyicilərinə xidmət şöbələrinin işi ilə tanış olmuşlar.
Görüşlərdə qonaqlara vergi nəzarəti və vergi borclarının məcburi alınması işinin təşkili sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Vergilər Nazirliyinin mərkəzi aparatında Moldova vergi xidmətinin rəhbərliyi üçün Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə xüsusi təqdimat keçirilmişdir. Təqdimatda qonaqlar ölkəmizin vergi inzibatçılığında həyata keçirilən struktur islahatları ilə yaxından tanış olmuş, vergi ödəyicilərinə xidmətin təşkili, vergi nəzarətinin təmin edilməsi üçün proqram təminatı, o cümlədən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tətbiqi ilə bağlı məruzələr dinləmişlər.
Qeyd edilmişdir ki, müasir idarəetmə sistemində informasiya texnologiyalarını uğurla tətbiq edən Vergilər Nazirliyi vergi inzibatçılığında vaxt, əmək və maliyyə resurslarına qənaət edilməsi ilə yanaşı, həm də keyfiyyətli və səmərəli nəzarət mexanizmlərinin qurulmasına nail olmuşdur.
Moldova Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Sergey Puşkutsa demişdir ki, ölkəsinin hökuməti Azərbaycanın uğurlu islahatlar təcrübəsi ilə maraqlanır. Qonaq qeyd etmişdir ki, Moldovanın da vergi xidmətində islahatlar aparılır və struktur dəyişikliklərini uğurla başa çatdıran, müasir texnologiyaları bacarıqla tətbiq edən Azərbaycanın təcrübəsinin öyrənilməsi onlara işlərini yenidən qurmaqda etibarlı mənbə olacaqdır.