Moldovanın nüfuzlu xəbər portalında Azərbaycan Prezidentinə həsr olunan məqalə dərc edilib
Kişineu, 25 dekabr, AZƏRTAC
Moldovanın nüfuzlu xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə məqalə dərc edilib.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin “Tribuna” xəbər portalında dərc olunan məqalədə öz xalqının lideri, istedadlı islahatçı İlham Əliyevin müdrik və dərin düşünülmüş uğurlu daxili və xarici siyasətindən bəhs edilir. O cümlədən məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunun inkişafı, Azərbaycanda idmana göstərilən diqqət və ölkəmizdə keçirilən beynəlxalq miqyaslı idman tədbirləri haqqında danışılır.
Həmçinin müəllif yazır: “Prezident İlham Əliyevin uğurlu uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu yüksəlib. Azərbaycan bütün ölkələrlə münasibətləri mehriban qonşuluq və səmimi tərəfdaşlıq əsasında qurur, bu tərəfdaşlığa sadiqliyini nümayiş etdirir".
Sonda müəllif Prezident İlham Əliyevin fəaliyyət modelinin bütün dünyada uğurlu inkişafın və müasirləşmənin nümunəsi kimi tanındığını qeyd edir. Bütün bunların Azərbaycanın gələcək inkişafı və Azərbaycan xalqının əmin-amanlığı üçün əhəmiyyətli əsas olduğunu bildirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu