Monteneqro mətbuatında 20 Yanvar faciəsi haqqında geniş məqalə dərc olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Monteneqronun ən geniş oxucu kütləsinə malik gündəlik qəzetlərindən olan “Pobjeda” qəzetində baş redaktor Srcan Kusovaçın “Bu gün Azərbaycana sovet intervensiyasının 23-cü ildönümüdür” sərlövhəli geniş məqaləsi dərc edilmişdir.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə 1990-cı ilin 20 yanvarında sovet qoşunları tərəfindən Bakıda aralarında uşaqların, qadınların və qocaların olduğu dinc, silahsız əhalinin - azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanların amansızlıqla qətlə yetirilməsi sovet imperiyasının son çırpıntıları və vəhşilik aktı kimi göstərilmişdir. Qeyd edilmişdir ki, bu hadisələr zamanı 147 nəfər qətlə yetirilmiş, 800-dən artıq insan yaralanmışdır.
Baş redaktor Bakıdakı yanvar hadisələri ilə keçmiş Yuqoslaviya ölkələrinin müstəqillik uğrunda mübarizəsi arasında müqayisələr və paralellər aparmışdır.
Məqalədə 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı kəskin etiraz etdiyi, sovet hakimiyyətinin Azərbaycana və onun xalqına qarşı təcavüzünü pislədiyi bildirilmişdir. Yazıda bu çıxışın 20 Yanvar hadisələrinə ilk siyasi qiymət olduğu vurğulanmışdır.
S.Kusovaç bu hadisələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlı olduğunu qeyd edərək keçmiş sovet rəhbərliyinin himayəsi ilə ermənilərin Dağlıq Qarabağ ərazisində separatçı fəaliyyətə başladığını bildirmişdir. Azərbaycan ərazilərinin 20 faizinin hələ də Ermənistanın işğalı altında qaldığının vurğulandığı yazıda ölkəmizin bu torpaqları hərbi yolla azad etməyə hazır olduğunu, lakin münaqişənin diplomatik yolla həllini gözlədiyi qeyd edilmişdir.
Məqalədə M.Qorbaçovun 1995-ci ildə İstanbuldakı çıxışında “Bakıda fövqəladə vəziyyətin elan olunması və şəhərə ordunun göndərilməsi siyasi həyatımın ən böyük səhvi idi” sözlərinə istinad olunmuş və 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin başlanğıcı adlandırılmışdır.
Monteneqronun “Atlas TV” televiziya kanalında da Qanlı Yanvar haqqında məlumat yayımlanmışdır.