CƏMİYYƏT
Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modeli tədris olunacaq VİDEO
Moskva, 20 sentyabr, AZƏRTAC
Bakı Multikulturalizm Mərkəzinin dəstəyi ilə Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modeli tədris olunacaq.
AZƏRTAC xəbər verir ki, Moskvada Bakı Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov və Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov anlaşma memorandumu imzalayıblar.
Memorandum çərçivəsində Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modelinin tədrisi nəzərdə tutulub.
Bakı Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırda dünyanın 26 təhsil ocağında bu layihə həyata keçirilir. “Minlərlə tələbə Azərbaycan tolerantlığı və multikulturalizmi haqqında məlumat alır, ölkəmizə səfərlər edir, Azərbaycanın gənc dostlarına çevrilir. Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov da bu layihənin təhsil ocağında gerçəkləşdirilməsinə çox müsbət yanaşıb və buradakı tələbələrin Azərbaycanda multikultural mühit, din-dövlət münasibətləri barədə biliklər əldə etməsi üçün bu fənnin tədrisinin vacibliyini vurğulayıb”, - deyə o qeyd edib.
R.Həsənov memoranduma əsasən, digər layihələrin, o cümlədən tələbə-müəllim mübadilələrinin həyata keçirilməsinin, elmi nəşrlərin hazırlanmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, Rəvan Həsənov Moskvada keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva İslam İnstitutunun 30 illiyi ilə bağlı silsilə tədbirlərdə iştirak edir. Dünyanın müxtəlif ölkələrindən olan din xadimləri və hökumət rəsmilərinin bir araya gəldiyi tədbirlərdə Azərbaycan nümayəndələri də qatılıb. Üç gün davam edəcək tədbirlər çərçivəsində, həmçinin Rusiya Müsəlmanları İdarəsinin VIII Qurultay-Konqresi və XX Beynəlxalq Müsəlman Forumunun da keçirilməsi nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva