MOSKVA TURİZM SƏRGİSİ İŞİNİ DAVAM ETDİRİR
Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyev AZƏRTAC-ın müxbirinə sərginin işinin gedişini və aparılmış danışıqların yekunlarını şərh edərək demişdir ki, ölkəmizin stendinə bir sıra turizm şirkətləri böyük maraq göstərirlər. Nümayəndə heyətimiz MDB ölkələrinin, Türkiyə və İranın, ərəb dövlətlərinin aparıcı turizm şirkətləri ilə bir sıra səmərəli və faydalı görüşlər keçirmişdir. MDB Turizm Şurasının sədri, Ukraynanın turizm naziri V.Sibuxla görüşdə çox səmərəli olmuşdur. Bu görüşdə istər ikitərəfli əsasda, istərsə də MDB dövlətləri ilə çoxtərəfli əsasda əməkdaşlığı dərinləşdirmək barədə geniş fikir mübadiləsi aparılmış, MDB Turizm Şurasının növbəti iclasını may ayında keçirmək haqqında ilkin razılaşma əldə edilmişdir. Azərbaycan bu görüşü Bakıda keçirmək təşəbbüsünü irəli sürmüşdür. Bu məsələ əlavə olaraq nəzərdən keçiriləcəkdir.
MDB-nin dövlət orqanları ilə aparılan danışıqlarda Ukrayna Turizm Universiteti yanında turizm sahəsində MDB ölkələri mütəxəssislərinin ixtisasının artırılması institutunun yaradılması barədə məsələyə baxılmışdır. Bu ideyanı Azərbaycan və MDB üzrə digər tərəfdaşlar dəstəkləmişlər. Bu məsələnin Azərbaycan üçün böyük əhəmiyyəti var, çünki respublikamızda həmin sahədə peşəkar kadrlar çatışmır.
Teymur Mehdiyev görülmüş işlərə yekun vuraraq vurğulamışdır ki, respublikamızın turizm sərgisində iştirakını milli turizm sahəsinin inkişafı, xüsusən bu sahədə əlaqələr yaradılması baxımından müsbət amil kimi qiymətləndirmək olar. Müxtəlif dövlət qurumları və özəl sektor ilə daha sıx əlaqələr mühüm vəzifələrdən birini – ölkəmizə xarici sərmayələrin cəlb olunması vəzifəsini həyata keçirməyə imkan verəcəkdir. Turizm sahəsində qarşılıqlı surətdə faydalı, geniş əməkdaşlıq Azərbaycanda bu sahənin inkişafına, habelə insanların sosial rifahının yüksəldilməsinə kömək edəcəkdir.