Moskvada Azərbaycan musiqisi gecəsi keçirilib
Moskva, 20 fevral, AZƏRTAC
Moskvada “Çinar” layihəsi çərçivəsində pianoçu Oleq Davıdovun və violonçel ifaçısı İbrahim Nağıyevin iştirakı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramında Azərbaycan bəstəkarlıq məktəbinin klassikləri Fikrət Əmirovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun və digər müəlliflərin əsərləri kamera ifasında səsləndirilib. “Çinar” layihəsi musiqi mədəniyyətlərinin qarşılıqlı vəhdətini simvolizə edir və milli musiqi irsinin populyarlaşdırılmasına yönəlib.
Violonçel ifaçısı AZƏRTAC-a müsahibəsində qeyd edib: “Pianoçu ilə birlikdə Azərbaycan bəstəkarlarının əsərlərini dinləyicilərə təqdim etmək şərəfinə nail olduq. “Çinar” yaradıcılıq birliyinin təsisçisi kimi bu, mənim üçün xüsusi tədbir oldu, milli musiqimizin gözəlliyini və dərinliyini geniş auditoriya ilə bölüşmək imkanı yaratdı”.
Onun sözlərinə görə, ifaçılar yalnız əsərlərin səslənməsini deyil, həm də onların daxili məzmununu çatdırmağa çalışıblar. “Biz yalnız melodiyaları deyil, hər bir əsərin ruhunu da çatdırmağa çalışdıq, çünki Azərbaycan musiqi irsinin unikallığı və gücü məhz bundadır. Gecənin səmimi ab-havası var idi və ifamızın dinləyicilərin qəlbinə toxunmasına sonsuz dərəcədə şadam”, – deyə musiqiçi vurğulayıb.
O, yaradıcılıq birliyinin vəzifələrindən də danışıb: “Bizim birlik Azərbaycan musiqisinin populyarlaşdırılmasını, həmçinin az tanınan Şərq və Qərb bəstəkarlarının adlarını dinləyicilərə təqdim etməyi, musiqi palitrasına müxtəliflik gətirməyi qarşısına məqsəd qoyub. Hədəfimiz sadəcə musiqi ifa etmək deyil, onun unikal mədəni və bədii cəhətlərini açmaq, müxtəlif musiqi ənənələri arasında canlı körpülər yaratmaqdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva