Moskvada azərbaycanlı alimin həmmüəllif olduğu kitabın təqdimatı keçirilib
Moskva, 14 dekabr, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMI) Comərd Əliyevin və Ruslan Əliyevin “Energetik keçid. I hissə. Baza karbonsuz generasiya” kitabının təqdimat mərasimi keçirilib. Bu nəşr dünya birliyinin öz üzərinə götürdüyü məqsədli iqlim oriyentirlərinin əməliyyatlara bölünməsi aspektlərinə həsr edilmiş kompleks tədqiqatın birinci hissəsidir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi “Aşağı karbonlu dünya energetikasının inkişafı: perspektivlər və çağırışlar” mövzusunda konfrans çərçivəsində keçirilib.
MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov, Rusiya Dövlət Sosial Universitetinin (RDSU) rektoru Andrey Xazin və Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü Valeri Salıgin konfrans iştirakçılarını salamlayıblar.
Monoqrafiyanın müəlliflərindən biri, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu kitabda atom energetikası sahəsinin fəaliyyətinin yeni mexanizmləri, o cümlədən marketinq, texnologiya, maliyyə, kontrakt, korporativ, tikinti, investisiya, idarəçilik və kadr praktikaları təklif edilir. Müəlliflər baza atom generasiyası obyektlərinin həyat dövrəsinin bütün mərhələlərini - tələbatın ilkin təhlilindən və enerji-şəbəkə marketinqindən başlamış 100 ildən sonra obyektlərin istismardan çıxarılmasına qədər bütün mərhələlər nəzərdən keçirilir.
Müəlliflər nümunə kimi Azərbaycanda iki bloklu güclü atom stansiyası tikintisinin praktiki keysini işləyib hazırlayıblar. Bu keysdə iqlimlə bağlı yeni energetikaya keçid şəraitində bu layihənin praktiki reallaşdırılması modelləşdirilib.
Monoqrafiya MDBMİ ilə RDSU arasında şəbəkə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş kompleks tədqiqatın birinci hissəsidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva