SİYASƏT
Moskvada BRICS ölkələrinin media sammiti keçirilir
Moskva, 14 sentyabr, AZƏRTAC
Moskvada BRICS ölkələrinin 7-ci Media Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə 45 ölkədən 60 media qurumunun rəhbəri və nümayəndəsi, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edir.
Rusiyanın TASS informasiya agentliyinin təşkilatçılığı ilə keçirilən sammit çoxqütblü dünyada medianın rolu mövzusuna həsr olunub. Tədbirə BRICS-ə daxil olan ölkələrlə yanaşı, bir sıra digər dövlətlərdən də media təmsilçiləri qatılıblar.
İştirakçılar müasir dünyada informasiya təhlükəsizliyi məsələsini və xəbər mübadiləsində texnoloji aspektləri müzakirə ediblər.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən plenar sessiyada TASS-ın baş direktoru Andrey Kondraşov, Çinin Sinxua agentliyinin prezidenti Fu Hua, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiya informasiya nazirinin müavini Bella Çerkesova, bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova, həmçinin digər şəxslər çıxış ediblər.
Sammit işini sentyabrın 15-də davam etdirəcək.