MƏDƏNİYYƏT
Moskvada Riad Məmmədov triosunun konserti olub
Moskva, 2 mart, AZƏRTAC
Moskvanın “Başmet” Mədəniyyət və Yaradıcılıq Mərkəzində Riad Məmmədov triosunun konserti olub.
AZƏRTAC xəbər verir ki, pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryabov moskvalı musiqisevərlərə muğam janrında Vaqif Mustafazadə və Səid Rüstəmovun əsərləri mövzusunda interpretasiyalar təqdim ediblər. Proqramına klassik və caz musiqisinin nümunələri daxil edilmiş konsertin birinci hissəsində Riad Məmmədovun ifasında Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri də səslənib.
Konsertin ikinci hissəsi Azərbaycan bəstəkarlarının əsərlərinə həsr olunub. Məşhur caz bəstəkarı Vaqif Mustafazadənin Riad Məmmədov triosunun ifasında özünəməxsus tərzdə səslənən “Bahar” və “Düşüncələr” kompozisiyaları rəğbətlə qarşılanıb. SSRİ Xalq artisti Səid Rüstəmovun “Getmə, getmə, gəl” mahnısı əsasında hazırlanmış caz kompozisiyasını isə Azərbaycanın Əməkdar artisti, tarzən Qorxmaz Axundov məharətlə müşayiət edib.
Qeyd edək ki, caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan biri də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.
Riad Məmmədov Azərbaycanın Əməkdar rəssamı Tahir Məmmədovun oğludur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva