MOSKVADA SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİNİN KEÇİRLMƏSİNƏ HƏSR EDİLMİŞ MƏTBUAT KONFRANSI OLMUŞDUR
“Ocaq” cəmiyyətinin sədri professor Tofiq Məlikli mətbuat konfransını açaraq demişdir ki, poeziyamızın klassiki Səməd Vurğunun yubileyi Azərbaycan və Türkiyədə, bir sıra Avropa ölklərində qeyd olunmuşdur. Səməd Vurğunun yubileyləri hər on ildən bir Moskvada keçirilmişdir.
Anar çıxışında bildirmişdir ki, Azərbaycan və Rusiya yazıçılar birlikləri arasnda ədəbi əlaqələrin yaradılması haqqında ikitərəfli saziş imzalanmışdır. Bu razılaşmanın gerçəkləşdirilməsi çərçivəsində xeyli iş görülmüşdür. Moskvada “Drujba narodov” jurnalının Azərbaycan ədəbiyyatına, yazıçılarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görmüş, Bakıda ənənəvi “Şərq-Qərb” kinofestivalı keçirilmişdir. Festivalda bir çox ölkələrin kinematoqrafçıları, o cümlədən Rusiyadan böyük nümayəndə heyəti iştirak edirdi. Rusiyanın tanınmış yazıçılarından ibarət nümayəndə heyətinin iştirak etdiyi Rus kitabı festivalı da əlamətdar hadisə oldu. Səməd Vurğunun Moskvada yubileyinin keçirilməsi çox mühüm hadisədir, çünki Səməd Vurğun poeziyamızın bütöv bir dövrüdür, onun adı hər bir azərbaycanlı ailəsində tanınır və sevilir, onun şeirləri indi də səslənir və həmişə səslənəcəkdir. Onun həyatı Moskva ilə də sıx bağlı olmuşdur. Vaqif Səmədoğlu ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Yubiley gecəsinin təşkilatçılarından biri, Ümumdünya Azərbaycanlılar Konqresi Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fatiyev vurğulamışdır ki, Moskvada yaşayan azərbaycanlılar poeziyamızın klassiki Səməd Vurğunun nurlu xatirəsini daim anacaqlar.
Mətbuat konfrasının iştirakçıları sonra Azərbaycan ədəbiyyatının vəziyyəti və gələcək perspektivləri barədə suallara cavab vermişlər. Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələr problemlərinə də toxunulmuşdur.