Moskvadakı Azərbaycan və yəhudi diasporları əməkdaşlıq memorandumu imzalayıblar
Bakı, 15 dekabr, AZƏRTAC
Moskvada fəaliyyət göstərən Azərbaycan diasporu ilə yəhudi diasporu arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dağ Yəhudilərinin Xeyriyyə Fondunda (STMEGI) baş tutan mərasimdən əvvəl “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı ilə Rusiya Yəhudi Konqresinin rəhbərlikləri arasında görüş keçirilib.
Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, STMEGI Fondunun prezidenti German Zaxaryayev fondun məqsəd və vəzifələrindən, xeyriyyəçilik, mənəvi-əxlaqi maarifləndirmə, dağ yəhudilərinin adət ənənələrinin, mədəniyyətinin qorunması sahəsində həyata keçirilən çoxsaylı sosial əhəmiyyətli humanitar layihələrdən danışıb. Dağ yəhudilərinin məskunlaşdığı Qubanın Qırmızı qəsəbəsinin Azərbaycanda və hətta ölkəmizin hüdudlarından kənarda da çox məşhur olduğunu xüsusilə vurğulayıb. “Rusiya Yəhudi Konqresi və STMEGİ Fondu hər zaman diqqəti əcdadlarının vətəni olan Azərbaycana yönəldir. Ona görə də biz həmişə doğma azərbaycanlı icmamızın yanında olacağıq, onu hər cür dəstəkləyəcəyik və lazımi kömək göstərəcəyik”, - deyə vitse-prezident qeyd edib.
“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumun inkişaf konsepsiyasında əsas müddəalardan biri Rusiyanın aparıcı diaspor təşkilatları ilə əlaqələrin qurulmasıdır. Bu istiqamətdə ilkin olaraq Rusiyadakı dağ yəhudiləri icmasının seçilməsi isə təsadüfi deyil. Çünki azərbaycanlıların və dağ yəhudilərinin çoxəsrlik dostluğunun səmimi hisslərə, sıx mehriban qonşuluq və qardaşlıq əlaqələrinə, ortaq adət-ənənə və dəyərlərə söykənən möhkəm tarixi bünövrəsi var.
“Biz birlikdə çoxmillətli Azərbaycan xalqının ayrılmaz hissəsiyik. Dağ yəhudiləri həm də ümumi zəngin tarixi-mədəni irsimizin - bizi birləşdirən Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Bu baxımdan, Azərbaycan bütün dünya üçün hər zaman tolerantlıq və multikulturalizmin parlaq nümunəsi olub və belə də qalır”, - deyə B.Həsənov əlavə edib.
Digər çıxış edənlər Azərbaycanda doğulub boya-başa çatan dağ yəhudiləri nümayəndələrinin hazırda Rusiyada və dünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq, hər zaman Azərbaycanın mənafeyi üçün çalışdıqlarına, öz köklərini heç vaxt unutmadıqlarına diqqəti cəlb ediblər.
Sonra “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı ilə Rusiya Yəhudiləri Konqresi və STMEGI Dağ Yəhudiləri Xeyriyyə Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.