Moskvalı qonaqlar Coğrafiya İnstitutunda olublar
Bakı, 15 mart, AZƏRTAC
Moskva Neft-Qaz Biznesi İnstitutunun (MNQBİ) rektoru Rüstəm Şagiyevin başçılığı ilə 25 nəfərdən ibarət müəllim və tələbə heyəti Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Baş direktor Zakir Eminov onların instituta ikinci gəlişi olduğunu yada salaraq 2021-ci ilin noyabrında MNQBİ nümayəndə heyətinin iştirakı ilə görüş-seminar keçirildiyini diqqətə çatdırıb. Belə görüşlərin əhəmiyyətindən danışan baş direktor elmi səfərlərin institutlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını və birgə fəaliyyət istiqamətində memorandum imzalamaq üçün əsas verdiyini xüsusi vurğulayıb. Z.Eminov, həmçinin neft-qaz sənayesinin Azərbaycanın iqtisadiyyatında rolu, onun Azərbaycanda müasir vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın demoqrafik problemləri haqqında məruzə ilə çıxış edib.
Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi dosent Sitarə Tarixazər son bir ildə Coğrafiya İnstitutunda görülən işlər barədə məlumat verib, “Şuşa İli”ndə institut kollektivinin hazırladığı nəşrlərdən, Qarabağ mövzusunda keçirilən konfransdan, Qəbələ səfərindən və “Heydər Əliyev İli” ilə əlaqədar planlaşdırılan tədbirlərdən söz açıb.
Bakıda olmasından məmnunluğunu bildirən MNQBİ-nin rektoru R.Şagiyev Azərbaycanın neft-qaz istehsalı sahəsində böyük təcrübəyə malik olduğunu və həmin təcrübədən yararlanmaq məqsədilə Bakıya səfər etdiklərini diqqətə çatdırıb. O bildirib ki, gələn nümayəndələr burada təlimlər keçəcək, Neft-Qaz İnstitutunda olacaq, Balaxanı neft yataqlarına, Qobustan Milli Tarixi-Bədii Qoruğuna gedəcəklər.
İnstitutun icraçı direktor müavini dosent Zaur İmrani, şöbə müdirləri, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Nəriman Paşayev çıxış edərək Azərbaycanda neft biznesinin inkişafı, neft sektorunun turizmə təsiri, iqtisadi şərait haqqında fikirlərini bildiriblər.
Sonda iki müəssisə arasında memorandum imzalanması barədə razılığa gəlinib.