MSK ŞƏKİDƏ BÖLGƏ MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
İşçi-müşavirənin gündəliyinə iki məsələ - seçkilərin demokratik keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları qarşısında duran vəzifələr və seçkilərə hazırlıqla əlaqədar dairə seçki komissiyaları sədrlərinin hesabatları daxil edilmişdir.
Müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev hazırda bütün dairə və məntəqələrdə parlament seçkilərinə hazırlıq işlərinin MSK-nın qərarı ilə təsdiq edilmiş seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun surətdə uğurla davam etdirildiyini, namizədlərin seçkiqabağı təşviqat mərhələsinin artıq başa çatmaq üzrə olduğunu və səsvermə gününə son hazırlıq işlərinin aparıldığını diqqətə çatdırmış, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlərdən danışmış, seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarının qarşısında duran vəzifələrdən geniş bəhs etmiş, tövsiyələrini bildirmişdir.
Dairə seçki komissiyaları sədrlərinin hesabatlarında yerlərdə seçici siyahılarının dəqiqləşdirilməsi, seçici vəsiqələrinin paylanılması, səsvermə hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması və digər məsələlər ön plana çəkilmiş, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti, lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təchiz olunması barədə geniş məlumat verilmişdir.
Sonda Mərkəzi Seçki Komissiyasının nümayəndəsi müşavirə iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirmişdir.