CƏMİYYƏT
Müasir 4-cü nəsil protezlərlə yeni aktiv həyata doğru VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Onlar şanlı Zəfərimizin qəhrəmanlarıdır. 44 günlük Vətən müharibəsində keçdikləri şücaətlərlə zəngin şərəfli döyüş yolunda əzalarını itirsələr də, Azərbaycan dövləti onların yenidən aktiv həyata dönüşü üçün hər şeyi edir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabrından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Onlardan 188 nəfəri Vətən müharibəsi qazisi, 82 nəfəri isə I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərdir.
“Genium” tipli müasir 4-cü nəsil protezlər aktivliyi və funksionallığı ilə qazilərimizin sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx da bu mövzudadır.