Mübariz Əkbərov: Düzəltdiyim milli xəncərlərimizdən bir sıra dövlətlərin başçılarına da hədiyyə olunub
Gəncə, 3 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan torpağının əlvan metallarla zənginliyi qədim zamanlardan bir çox peşənin inkişafına səbəb olub. Bədii metalişləmə sənəti də onlardan biridir. Tarixi kökləri orta əsrlərə gedib çıxan bu sənət azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Əməkdar rəssam Mübariz Əkbərov deyib.
Mübariz Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2001-ci və 2004-cü illərdə Gəncədə, 2003-cü ildə Bakıda fərdi sərgiləri təşkil olunub. Əsərləri Türkiyə, Almaniya, İngiltərə, Fransa və Rusiya kimi bir çox xarici ölkələrdə nümayiş olunan rəssamın əl işləri məşhur muzeylərdə və fərdi kolleksiyalarda saxlanılır.
O, 2007-ci ildə dövlət sifarişi ilə çəkilmiş Gəncə xanı Cavad xanın döyüş yolunu əks etdirən bədii film üçün döyüş silahlarını və geyimlərinin düzəldilməsi sifarişini də yerinə yetirib: “Müxtəlif vaxtlarda dövlət sifarişi ilə milli Azərbaycan xəncərlərini düzəltmişəm. Həmin xəncərlərdən bir sıra dövlətlərin başçılarına da hədiyyə olunub”.
Sənətkar evindəki kiçik emalatxanasında xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğuldur. Həmçinin Azərbaycana məxsus itib-batmaqda olan qədim silah növləri də onun əl işləri arasındadır. “Gördüyünüz xəncər və qılıncların çoxu orta əsr Azərbaycan mədəniyyətinə məxsus silahlardır. Onlarla yanaşı, dünya mədəniyyətinə, xüsusən də Qafqaz xalqlarına məxsus nadir silah növlərini də hazırlamışam”, - deyə o vurğulayıb.
M.Əkbərovun sözlərinə görə, bir silahın ərsəyə gəlməsi üçün təxminən bir ilə yaxın vaxt lazımdır. Hazırladığı bütün əsərlərin üzərinə öz imzasını, ərsəyə gəlmə müddətini və tarixini də qeyd edir.
“İspan və ingilis xanımlarının istifadə etdiyi “pika”, ərəblərə məxsus “yamən”, Nepala xas olan “kukri”, fransızlara məxsus “şpaqa” və Yaponiyanın simvoluna çevrilən “katana” kimi əl işləri beynəlxalq sərgilərdə və şəhərin qonaqları tərəfindən böyük marağa səbəb olub. Hər birinin də xüsusilə öz mədəniyyətlərinə məxsus ornamentlərlə bəzədilməsi əl işlərinə qeyri-adi gözəllik verib,” - deyə Əməkdar rəssam bildirib.
Bu gün onun ən böyük arzusu Şuşa şəhərində əl işlərindən ibarət böyük sərgi keçirməkdir: “Hazırladığım möhtəşəm xəncərlərdən birinə Vətən müharibəsində qələbəmiz münasibətilə “Qələbə” adını vermişəm. Ən böyük arzum Şuşada əl işlərimdən ibarət sərgi keçirib bu xəncəri Qələbə muzeyinə bağışlamaqdır”.