Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Bakı, 19 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək, onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Hospitalın kollektivi ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.