SİYASƏT
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi hərbi potensialımızın gücləndirilməsinə xidmət edir
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Həmin tədbirdə dövlətimizin başçısının çıxışında Azərbaycan Respublikasının gələcəkdə qarşıda duran prioritet məsələlərə xüsusi yer verilib. Deyilən fikirlər, eyni zamanda, beynəlxalq səviyyədə göndərilən əhəmiyyətli bir mesajdır. Çıxışda əsas diqqəti çəkən məqam yaxın dövr ərzində dövlətimizin qarşısında duran prioritet məsələlərin iki əsas istiqaməti müəyyən edilib - bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Çıxışın bəzi tezislərinə diqqət çəkən Ə.Abbasbəyli bildirib ki, Azərbaycan Respublikası yerləşdiyi coğrafi məkanı, geosiyasi vəziyyəti, bəzi ipə-sapa yatmayan qonşuların cığallığını, xəbis və mənfur niyyətlərini, bölgəmizdə yeni təhdidlərin mövcudluğunu, həmçinin Ermənistanda revanşist qüvvələrin baş qaldırmasını nəzərə alaraq daha da ayıq-sayıq olmalıdır. Bu məqsədlə ordu quruculuğu, hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, yeni müasir hərbi texnologiyaların əldə edilməsi, yeni silahların alınması prosesi, eyni zamanda, ölkədə hərbi-sənaye sahəsinin təkmilləşdirilməsi zəruridir.
“İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərməsi, həmçinin müasir döyüş əməliyyatlarının tələblərini nəzərə alaraq Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılması, onların sayının gündən-günə artması, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi və həyata keçirilən digər kompleks tədbirlər hərbi potensialımızın gücləndirilməsinə xidmət edir. Ali Baş Komandanın “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür” cümləsi ən möhtəşəm aforizmlərdən biri kimi tarixə həkk olunacaq. Bu gün isə Prezidentin sözləri, xüsusilə Ermənistanın revanşist qüvvələrinə, onların havadarlarına xitabən deyilmiş “Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, “onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”, “biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin” və sair bu kimi fikirləri dostlarımızı sevindirəcək, qürur verəcək, bədxah düşmənlərimizin isə içinə vəlvələ salacaq, yuxusuna haram qatacaq”, - deyə Əhməd Abbasbəyli qeyd edib.
Onun sözlərinə görə, Ali Baş Komandanın çıxışı, söylədiyi fikirlər vətəndaşlarımızda, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda məskunlaşmaqda olan sakinlərdə bir daha güvən, təhlükəsizliyə və gələcəyə inam hissini artırır.