Muğam aləminin mükəmməl bilicisi
Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi qeyd olunub
Bakı, 18 dekabr, Emil Məlikov, AZƏRTAC
Görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik tarzən xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq artisti, tarzən Ramiz Quliyev Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert zamanı vurğulayıb. O bildirib ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: "Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik tarzən xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir".
Daha sonra konsert proqramı təqdim olunub. İlk olaraq Xalq artisti, tarzən Ramiz Quliyev solo muğam ifaları ilə çıxış edib. Konsertin ikinci hissəsində Əməkdar artist Sevinc Sarıyeva və tələbələri muğam, eləcə də təsniflərdən ibarət proqram təqdim ediblər.