CƏMİYYƏT
“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün növbəti treninq təşkil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17028969773573320363_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702896977909657122_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170289697734984882_1200x630.jpg)
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabrından etibarən, ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən ildə iki dəfə treninqlər təşkil olunur.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 18-dən dekabrın 16-dək keçirilən növbəti treninqdə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu kolleci, Bakı Biznes Kooperasiya kolleci, Sumqayıt Musiqi kolleci və Qərbi Kaspi kollecindən ümumilikdə 32 müəllim iştirak edib.
Treninqlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Əli Fərhadov, BBMM-in Analitika şöbəsinin mütəxəssisi Fəxri Uğurlu, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimov, BBMM-in Tədris şöbəsinin əməkdaşı Tahirə Ələsgərova, İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin əməkdaşları Billurə Aslanova və Şahnaz Abdullayeva mühazirə oxuyublar.
İştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, çaynizm, xristianlıq, İslam, qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və digər mövzularda mühazirələr təqdim edilib. Sonra mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib.
Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.