Murmanskda 20 Yanvar faciəsinin 23-cü ildönümü qeyd edilmişdir
Murmansk, 21 yanvar (AZƏRTAC). Rusiya Azərbaycan Konqresinin (RAK) Murmansk vilayət şöbəsi və Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) Rusiya Federasiyasının Murmansk vilayəti üzrə şöbəsi 20 Yanvar faciəsinin 23 illiyinə həsr olunmuş tədbir keçirmişlər.
AZƏRTAC xəbər verir ki, RAK vilayət şöbəsinin sədri Afil Hüseynov tədbirdə çıxış edərək bildirmişdir ki. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıya daxil olması, günahsız insanlara amansız divan tutması bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrindən biridir. Cəza aksiyası nəticəsində 147 dinc vətəndaş öldürülmüş, 700-dən çox adam yaralanmışdır. A.Hüseynov demişdir ki, 20 Yanvar, eyni zamanda, xalqımızı birləşdirmiş, onun gücünü, mətinliyini və iradəsini nümayiş etdirmişdir. Respublikanın o zamankı rəhbərliyinin öz xalqı ilə birlikdə olmağa cəsarəti çatmamışdır. Qara Yanvarın həmin ağır və faciəli günlərində Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsini cəsarətlə bəyan edən ilk şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyevin həqiqi vətənpərvərliyindən irəli gələn bu kütləvi bəyanatı ulu öndərin möhkəm siyasi iradəsinin, cəsarətinin ifadəsi idi. Ümummilli liderin yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasından sonra faciəli 20 Yanvar hadisələrinə hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.
A.Hüseynov vurğulamışdır ki, hazırda ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin problemlərinə, onların sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.
Tədbirdə Azərbaycan diasporunun təmsilçiləri Yaqub Şükürov, Xaləddin Cəfərov, Namiq Hüseynov, Vidadi Məmmədov, tələbə Emil Hüseynov, AMOR-un fəalları Elvira Hüseynova, Səbinə Əliyeva, RAK vilayət şöbəsi sədrinin müavini Vüsal İbrahimov Azərbaycan xalqının tarixindəki qanlı səhifədən danışmış və vurğulamışlar ki, Azərbaycan qəhrəman oğul və qızları ilə fəxr edə bilər.
RAK və AMOR şöbələrinin fəalları 20 yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı məqalələr hazırlamışlar. Həmin yazılar Murmansk vilayəti hökumətinin rəsmi saytında və vilayətin bir sıra KİV-lərində dərc olunmuşdur.