Murmanskda “Dostluq festivalı” adlı milli mədəniyyətlər bayramı keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Bu günlərdə Murmanskdakı Mədəniyyət və Xalq Yaradıcılığı sarayının qapıları növbəti dəfə Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələrinin üzünə açılıb. Burada vilayət miqyaslı “Dostluq festivalı” adlı milli mədəniyyətlər bayramı keçirilib.
“Ümumrusiya Azərbaycanlılar Konqresi” ictimai təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, hər il keçirilən bu bayram sayəsində şimallılar Kola yarımadasında yaşayan xalqların adət və ənənələri ilə daha yaxından tanış olmaq üçün nadir imkan qazanıblar.
Murmanskda sayca doqquzuncu dəfə keçirilən builki festivalın iştirakçıları qonaqları Sarayın foyesində qarşılayıblar. Onlar əvvəlcə öz milli geyimlərini, dekorativ-tətbiqi yaradıcılıq məhsullarını və milli mətbəx nümunələrini nümayiş etdiriblər.
Builki bayramda 14 milli-mədəni birliyin nümayəndələri iştirak ediblər. Bütün Zapolyarye bölgəsini təmsil edən 20-dən çox yaradıcı kollektiv üç nominasiyada - “Vokal”, “Xoreoqrafiya” və “Teatr yaradıcılığı” nominasiyalarında maraqlı nömrələr təqdim ediblər.
Zapolyarye etnoslararası münasibətlər baxımından ən dinc regionlardan biridir. Buna görə də tamaşaçılar festivalda ifa edilən Azərbaycan, gürcü, Ukrayna, Belarus və tatar mahnılarını böyük rəğbətlə qarşılayıblar.
Murmansk vilayəti mədəniyyət və incəsənət komitəsinin sədri Sergey Yerşov “Dostluq festivalı”nı açaraq deyib: “Bizim əsas sərvətimiz insanlar, əsas dövlətimiz isə xalqlar dostluğu, millətlərarası və konfessiyalararası həmrəylikdir. Bunlar olmasa Rusiya kimi böyük dövlətin normal yaşaması və mövcud olması prinsip etibarilə mümkün deyil. Ona görə də belə dostluq festivallarının, istedadlar nümayişinin keçirilməsi çox vacib və əhəmiyyətlidir”.