Murmanskda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaqdır
Bakı, 1 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin ofisi həmişə gəliş-gedişlidir. Bu günlər demək olar hər gün ofisə toplaşan həmvətənlərimiz Azərbaycanın ən yeni tarixinin faciəli günlərindən birinə - ermənilərin Xocalıda törətdikləri soyqırımına həsr olunmuş tədbirlər planı üzərində işi tamamlamaq üzrədirlər.
Ofisə gələnlər Qarabağ münaqişəsindən və bu münaqişənin ölkəmiz üçün ağır nəticələrindən söz açan fotosənədlər, çoxsaylı nəşrlər, KİV materialları ilə tanış olurlar.
ÜAK-ın regional bölməsinin idarə heyətinin üzvü Amil Vəliyev ofisin foyesində qurulmuş fotokompozisiyanı yerli jurnalistlərə şərh edərək bildirmişdir ki, təpədən-dırnağadək silahlanmış erməni cəlladları 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri sakinlərinə qanlı divan tutmuşlar. Bu faciə Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olmuşdur.
Hərbi təcavüz zamanı kütləvi qətliam nəticəsində 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmişdir. O məşum gecə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 adam girov götürülmüş, 150 girovun taleyi indiyədək məlum deyildir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min vətəndaşımız qətlə yetirilmiş, 50 min insan yaralanmış və əlil olmuş, ərazilərimizin 20 faizi işğal edilmişdir. Erməni şovinist dairələrinin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin daha bir təzahürü olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır. Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı yönəldilmiş bu cinayət beynəlxalq miqyasda siyasi-hüquqi qiymət almalıdır.
Amil Vəliyev onu da bildirmişdir ki, Murmansk vilayəti hökumətinin rəsmi saytında və KİV-lərdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında materiallar yerləşdiriləcəkdir.