İQTİSADİYYAT
MUROVDAĞ QƏSƏBƏSİNİN PROBLEMLƏRİNİ NƏQLİYYATÇILAR HƏLL EDİRLƏR
Xanlar rayonundakı Murovdağ qəsəbəsində min nəfərə yaxın kəlbəcərli məcburi köçkün məskunlaşmışdır. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində nəqliyyat naziri Ziya Məmmədov burada köçkün soydaşlarımızla görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyatçıların gətirdikləri 50 ton un, 6 ton düyü, kəsilmiş halda 100 qoyun, bir ton bitki yağı 250 köçkün ailəsinə paylanmımşdır.
Nazir Ziya Məmmədov tabeliyində olan təşkilatların nümayəndələrinə 4 kilometr uzunluğunda qəsəbə yolunu təmir etmək, bu yaşayış məntəqəsinə içməli su kəməri çəkmək, köçkünlər üçün burada daha 10 fərdi ev tikmək barədə göstəriş vermişdir. Qəsəbədəki uşaq bağçasının işçilərinə nazirlik tərəfindən maddi yardım göstərilmişdir.
Məcburi köçkünlər onları heç vaxt darda qoymayan, hər cür qayğı göstərən Azərbaycan Prezidenti Heydər Əliyevə hədsiz minnətdar olduqlarını bildirmişlər.