Murovdağ yüksəkliyi uğrunda döyüşlərdə şəhidlik məqamına yüksələn cəsur əsgər VİDEO
Biləsuvar, 12 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Bir il öncə - Vətən müharibəsində Murovdağın azad edilməsi uğrunda canlarından keçən igidlərimizdən biri də 21 yaşlı qəhrəmanımız Gündüz Abdullayevdir.
AZƏRTAC xəbər verir ki, Gündüz Abdullayev 22 il əvvəl Biləsuvarın Zəhmətabad kəndində zəhmətkeş, kasıb ailədə dünyaya gəlib. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olan Gündüz gələcəkdə də bu sahədə işləməyi qərara alıb. Valideynlərinin xeyir-duası ilə yenidən Vətənin keşiyini çəkib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Gündüz Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlərə qatılıb. Mürəkkəb relyefi ilə seçilən Murovdağ istiqamətindəki strateji yüksəkliklərin və Kəlbəcərin bir neçə kəndinin alınmasında əsl şücaət göstərib.
Şəhid atası Çingiz Abdullayev deyib ki, Gündüz əsl qəhrəman olub. Hətta döyüşlərdə göstərdiyi şücaətə görə komandiri də ondan çox-çox razı idi.
Gündüzün anası Sona xanım bildirib ki, oğlu babasının adını daşıyırdı. “Gündüz adına həmişə şərəf, ucalıq gətirəcəyinə söz vermişdi: “Onunla sentyabrın 24-də danışmışdım, bir də sentyabrın 29-da. Axırıncı zəngində dedi ki, “Ana, ağlama, dua elə, hər şey yaxşı olacaq. Vətəni qorumaq bizim borcumuzdur. Amma ağlama...”.
Şəhidin qonşusu Hüseyn Ağayev isə qeyd edib ki, Gündüzlə yanaşı, onun övladı da düşmənə qarşı döyüşüb. Hər ikisi torpaqlarımız uğrunda canlarından keçməyə hazır idilər. “Tale elə gətirdi ki, biri şəhid oldu, biri də qazi. Gündüz kimi oğulların, onların valideynlərinin qarşısında baş əyirəm”, - deyə o əlavə edib.
Gündüz ağır döyüşlərdə onlarla silahdaşını xilas etməyi bacarsa da, oktyabrın 1-də Murovdağ uğrunda şəhidlik zirvəsinə ucalıb. Onun nəşi şəhadətindən 2 ay 17 gün sonra doğulduğu Biləsuvarın Zəhmətabad kəndinə gətirilərək torpağa tapşırılıb.
Ölümündən sonra qəhrəmanımz “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.