MÜSABİQƏ QALİBLƏRİNƏ MÜKAFATLAR VERİLMİŞDİR
Müsabiqənin təşkilat komitəsinin sədri, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, münsiflər heyətinin sədri, SSRİ xalq artisti, akademik İrina Arxipova qalibləri təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Yarışmanın “Qran-Pri” mükafatı Abdumalik Abdukayumova (Özbəkistan), I mükafat Tatyana Qaninaya (Ukrayna), Georgi Onianiyə (Gürcüstan), II mükafat Anna Viktorovaya, İlya Pavlova (Rusiya), Mahirə Quliyevaya (Azərbaycan), III mükafat Dinarə Əliyevaya (Azərbaycan), Yekaterina Stroşenkoya (Ukrayna), Sofi Qordeladzeyə (Gürcüstan), IV mükafat Elçin Əzizova, Əvəz Abdullayevə (Azərbaycan), Mamuka Lomidzeyə (Gürcüstan), V mükafat Tszyan Şan Juna (Çin), Mamuka Tepnadzeyə (Gürcüstan) təqdim olunmuşdur.
“Ən yaxşı tenor” nominasiyasında Georgi Oniani (Gürcüstan), “Ən yaxşı xalq mahnısı ifaçısı” nominasiyasında Fərid Əliyev (Azərbaycan) qalib gəlmişlər.
Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifaçısı üçün mükafata İlya Pavlova (Rusiya) layiq görülmüşdür. Bülbül Fondunun təsis etdiyi aylıq təqaüd Bakı Musiqi Akademiyasının aspirantı Səidə Şərifəliyevaya, Azərbaycan Musiqi Xadimləri İttifaqının təsis etdiyi “Ümid” mükafatı müsabiqənin ən gənc ifaçısı Cəbrayıl İdrisova (Özbəkistan) təqdim olunmuşdur. Müsabiqənin ən yaxşı müşayiətə görə pul mükafatları Kamilla Əhmədcanovaya (Özbəkistan), Natalya Korolkoya (Ukrayna) və Marina Belousovaya (Rusiya) verilmişdir.
Mərasim müsabiqə qaliblərinin konserti ilə başa çatmışdır.