MÜSABİQƏNİN İŞÇİ QRUPLARI BÖLGƏLƏRDƏ EKSPERT YOXLAMASI KEÇİRİRLƏR
Ətraf mühitin zibillə və bərk tullantılarla çirklənməsinin səviyyəsini ekologiya və təbii sərvətlər, səhiyyə nazirliklərinin ekspertləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri aparılan reydlər zamanı qiymətləndirəcəklər. Reydlərdən əvvəl yerlərdə icra hakimiyyəti işçiləri üçün seminarlar keçirilmiş, müsabiqənin mahiyyəti və tələbləri aydınlaşdırılmışdır.
Mayın 25-də Bakının Sabunçu rayonu ərazisində reyd keçirilmişdir. İşçi qrupunun üzvləri mənzil-kommunal birliyi əməkdaşlarının müşayiəti ilə zibilin daşınması və çeşidlənməsi ilə bağlı vəziyyətlə tanış olmuşlar. Aşkar edilmişdir ki, bütün bölgələr üçün xarakterik olan zibilin çeşidlənməməsi bu rayonda da nəzərə çarpır. Sakinlərlə söhbət zamanı məlum olmuşdur ki, zibil müntəzəm surətdə daşınır, zibilliklərin ətrafı dezinfeksiya edilir. Rayon icra hakimiyyətinin, bələdiyyələrin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsabiqənin keçirilməsi təşəbbüsünə yüksək qiymət vermişlər. Qeyd olunmuşdur ki, belə tədbirlər ətraf mühitin mühafizəsinin qlobal məqsədlərinə xidmət edir və məişət tullantılarının emalı üzrə kiçik zavodların yaranmasını stimullaşdıracaqdır.