MÜSADİRƏ OLUNMUŞ NARKOTİK MADDƏLƏR MƏHV EDİLMİŞDİR
Yüz kiloqramdan artıq müxtəlif növ narkotik vasitə hökumət və qeyri-hökumət, tibb, təhsil, idman və gənclər təşkilatları, ölkədə akkreditə olunmuş səfirlik, beynəlxalq qurum, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılmışdır.
Sonra Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında yığıncaq keçirilmişdir. Nazirlər Kabinetinin şöbə müdiri, narkotikləri məhetmə komissiyasının sədri Əzim Piriyev yığıncağı açaraq, ölkəmizdə narkomanlığa və narkotik maddələrin dövriyyəsinin, narkomanlığın yayılmasının qarşısının alınması sahəsində dövlət səviyyəsində görülən tədbirlərdən, Azərbaycanın BMT-nin müvafiq konvensiyalarına qoşulmasından, təhlükəli problemin aradan qaldırılmasında dünya ictimaiyyəti ilə həmrəyliyindən, Prezident İlham Əliyevin tapşırığı ilə bir sıra normativ-hüquqi aktların qəbul edilməsindən, hüquq mühafizə orqanları tərəfindən hər il xeyli miqdarda narkotik maddənin müsadirə olunaraq məhv edilməsindən danışmışdır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev, BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev, Təhsil Nazirliyinin idarə rəisi Ağababa İbrahimov və başqaları tədbirdə çıxış edərək dünya ictimaiyyətini narahat edən bu qlobal bəlaya qarşı təbliğatın gücündən daha təsirli formada istifadə olunmasının vacibliyini vurğulamışlar.
Yığıncaqda son illər respublikamızda narkotik vasitələrin yayılmasına qarşı mübarizə işinin gücləndiyi, bu sahəyə cavabdeh olan hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin artdığı qeyd olunmuşdur.
Çıxış edənlər bildirmişlər ki, yeniyetmə və gənclər arasında fəal sağlam həyat tərzini formalaşdırmaq, onları zərərli vərdişlərdən çəkindirmək, bədən tərbiyəsi və idmana cəlb etmək, ümumbəşəri bəlaya çevrilmiş narkomanlığın qarşısının alınması yolunda səyləri birləşdirmək günümüzün vacib tələbidir.