Müşavir: Ətraf mühitlə eko-iqtisadiyyat arasında uyğunluq təmin olunmalıdır
Bakı, 10 oktyabr, AZƏRTAC
Davamlı inkişaf prinsiplərinə söykənməmiş inkişaf faciəyə gətirib çıxara bilər. Ona görə də istənilən halda iqtisadiyyatla ətraf mühit məsələlərinin balanslaşdırılması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi iclasında deyib.
O bildirib ki, Azərbaycanın təkcə milli qanunvericilik çərçivəsində deyil, beynəlxalq öhdəlikləri də var. Çünki Azərbaycan bir sıra çoxtərəfli müqavilələrin, o cümlədən ekoloji konvensiyaların üzvüdür. Bunlar hamısı Azərbaycan Respublikasının qanunu kimi nəzərdə tutulub və onlar çərçivəsində müəyyən öhdəliklərimiz, yerinə yetirilməli məsələlər var. Ona görə də sözsüz ki, bütün bu məsələlərin həlli üçün ətraf mühitlə eko-iqtisadiyyat arasında uyğunluq təmin olunmalıdır. Bütün bu məsələlərin idarə olunması üçün qanunvericilik lazımdır.
“Deyə bilmərəm ki, hazırda Azərbaycanda ekoloji qanunvericilik 100 faiz icra olunur. Yəni, biz ətrafımıza baxsaq, sözsüz ki, müəyyən qanunların maddələrinin icrası ilə bağlı problemlər olduğunu görürük. Bu qanunların həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti və çox uzun vaxt tələb olunur”, - deyə Rasim Səttarzadə qeyd edib.