Muslimbek Akramov: Gənclər Azərbaycan və Özbəkistanın yeni birgə təşəbbüslərinin hərəkətverici qüvvəsinə çevrilə bilərlər
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan və Özbəkistan gəncləri təhsil, ekologiya, rəqəmsal texnologiyalar, sahibkarlıq, könüllülük, media və mədəniyyət sahələrində yeni birgə təşəbbüslərin birbaşa iştirakçılarına çevrilə bilərlər. Gənclər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi təkcə təcrübə mübadiləsi üçün deyil, həm də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.
Bunu “Yüksəliş” Hərəkatının sədrinin müşaviri, mətbuat katibi Muslimbek Akramov (Özbəkistan) AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
“Bu gün gənclər artıq onlar üçün yaradılmış imkanlardan yalnız istifadə etmək istəmirlər. Onlar özləri ideyalar irəli sürməyə, təşəbbüs göstərməyə və nəticəyə təsir etməyə çalışırlar. Məncə, bu, son illərdə gənclər siyasətində müşahidə olunan ən mühüm tendensiyalardan biridir”, - deyə o qeyd edib.
M.Akramovun sözlərinə görə, əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyi Özbəkistan və Azərbaycan üçün bu tendensiya böyük imkanlar açır. “Müasir dövrdə gənci yalnız “gələcək nəslin nümayəndəsi” kimi qəbul etmək artıq kifayət deyil. O, həm də bu gün baş verən proseslərin fəal iştirakçısıdır”, - deyə müsahibimiz vurğulayıb.
O qeyd edib ki, bu tendensiyanı “Yüksəliş” Hərəkatının bu il keçirdiyi araşdırmanın nəticələri də təsdiqləyir. Araşdırmada Özbəkistanın bütün regionlarından 4581 respondent iştirak edib. Bundan əlavə, 28 fokus qrup çərçivəsində 295 gəncin fikirləri öyrənilib. Nəticələrə əsasən, respondentlərin 31,7 faizi özünü “çox fəal”, daha 54,7 faizi isə “orta dərəcədə fəal” qiymətləndirib. Beləliklə, gənclərin 86 faizindən çoxu bu və ya digər formada ictimai həyatda iştirak etdiyini bildirib. “Lakin mənim üçün daha mühüm bir göstərici var, belə ki, gənclərin təxminən 84 faizi öz yaşıdlarının ölkədəki islahatlara təsir göstərə biləcəyinə inanır. Bu, çox mühüm dəyişiklikdir. Çünki ictimai fəallıq hər şeydən əvvəl özünəinamdan başlayır: “Mənim səsim həqiqətən nəyisə dəyişə bilər”, - deyə M.Akramov bildirib. Qeyd edib ki, Özbəkistanda belə fəallığın dəstəklənməsi məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir. Bunların arasında “Gənclərdən 1000 problem – 1000 həll”, “Vətənə məhəbbət – sosial təşəbbüslər”, “Gənclər təşəbbüsləri marafonu” çərçivəsində irəli sürülən ideyaları real layihələrə çevirmək məqsədi daşıyan “Təşəbbüslər ofisi”, həmçinin “Özbəkistan Gənclər Liqası” platforması var.

M.Akramovun sözlərinə görə, mühüm istiqamətlərdən biri birbaşa məhəllə (ərazi kvartalı və vətəndaşların yerli özünüidarəsinin rəsmi orqanı – red.) səviyyəsində görülən işlərdir. Hər bir məhəllədə gənc lider fəaliyyət göstərir ki, bu da təşəbbüskar gəncləri müəyyənləşdirməyə və onların layihələrini yerli səviyyədə dəstəkləməyə imkan verir. M.Akramov buna Fərqanə rayonundakı Obod məhəlləsini nümunə göstərib. Burada gənc lider İslombek Muhammadjonov “Obod təlim” (“Obod ta’lim”) adlı təhsil mərkəzi yaradıb. Bu təşəbbüs sayəsində 600 gənc müasir peşələrə və xarici dillərə yiyələnib.
“Fəal gənclər yalnız ictimai təşkilatda çalışan və ya siyasi proseslərlə maraqlanan şəxslər deyil. Öz məhəlləsində ekoloji problemin həllinə çalışan qız, əlilliyi olan uşaqlar üçün təhsil layihəsi yaradan gənc və ya süni intellekt əsasında platforma hazırlayan tələbə də ictimai fəallığın yeni simasıdır”, - deyə o bildirib.
Azərbaycan və Özbəkistan arasında təcrübə mübadiləsi imkanlarından danışan M.Akramov “Təşəbbüskar büdcə” modelini, məhəllələrdə fəaliyyət göstərən gənc liderlər sistemini, eləcə də konkret problemlərin həlli üçün gənclərin özləri tərəfindən yaradılan kiçik layihələri xüsusi qeyd edib. O, bu cür təşəbbüslər arasında “Obod təlim” (“Obod ta’lim”), fiziki imkanları məhdud uşaqların təhsilini dəstəkləyən “Öyrən və inkişaf et” (“O‘qi va yuksal”) layihəsini, həmçinin gəncləri ekoloji layihələrə və “yaşıl” innovasiyalara cəlb edən “Yaşıl təşəbbüslər” (“Yashil tashabbuslar”) layihəsini qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal sahədə gənclər tərəfindən yaradılan “Yol” (“Makon AI”) təhsil platforması artıq 100 mindən çox istifadəçi cəlb edib, “Oxu” (“Mutolaa”) platforması isə mütaliə mədəniyyətini müasir rəqəmsal formatla birləşdirməyə çalışır. Bununla yanaşı, M.Akramov vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət təcrübə mübadiləsinə və təşəbbüslərin birgə həyata keçirilməsinə əsaslanmalıdır: “Məncə, Özbəkistan və Azərbaycan arasında təcrübə mübadiləsi məhz bu istiqamətdə xüsusilə faydalı olardı. Xalqlarımız dil, mədəniyyət və dəyərlər baxımından bir-birinə yaxındır. Gənclərin maraqları da bir çox cəhətdən üst-üstə düşür: texnologiyalar, sahibkarlıq, ekologiya, kreativ sənayelər, mədəniyyət, təhsil və könüllülük”.
Azərbaycan təcrübəsindən danışan M.Akramov gənclər üçün təcrübə, bacarıq və bilik məktəbi hesab etdiyi ASAN könüllülər modelini xüsusi qeyd edib. Onun sözlərinə görə, 2026-cı ildə ASAN könüllülər tərəfindən təqdim olunan və gənclərin innovativ düşüncəsinin, texnoloji və yaradıcı bacarıqlarının inkişafına yönəlmiş “Gənc innovatorlar” proqramı da maraq doğurur. O, digər təcrübə kimi gənclərə regionlarda və ucqar yaşayış məntəqələrində məşğulluq, innovasiya, rəqəmsallaşma, şəxsi və peşəkar inkişaf sahələrində imkanlar yaradan “Səyyar Gənclər Xidməti”ni də qeyd edib.
“Ölkələrimizin qarşısında bir ümumi vəzifə dayanır: gənc harada yaşamasından asılı olmayaraq, imkanlar ona çatdırılmalıdır”, - deyə “Yüksəliş” Hərəkatının nümayəndəsi vurğulayıb. Onun fikrincə, gələcək əməkdaşlıq təcrübə mübadiləsindən birgə layihələrin həyata keçirilməsinə keçə bilər. “Məsələn, niyə özbək və azərbaycanlı gənclər birlikdə ekoloji layihə həyata keçirə bilməsinlər? Niyə iki ölkənin gənc proqramçıları birgə startap üzərində işləyə bilməsinlər? Niyə gənc jurnalistlər, könüllülər, sahibkarlar və tələbələr üçün birgə akselerasiya və mübadilə proqramlarına start verilməsin?”, - deyə M.Akramov bildirib.
Onun sözlərinə görə, 2027-ci ildə Azərbaycanda və Özbəkistanda gənclər arasında futbol üzrə dünya çempionatının keçirilməsi də belə qarşılıqlı fəaliyyət üçün əlavə imkanlar yaradır. “Prezidentlərimizin nəzərdə tutduğu “İki ölkə – bir çempionat” proqramını yalnız idman tədbirləri ilə məhdudlaşdırmayaraq, könüllülüyü, gənclərin media layihələrini, mədəni mübadilələri, startapları və birgə sosial təşəbbüsləri birləşdirən böyük gənclər platformasına çevirmək olardı”, - deyə o qeyd edib.
M.Akramov Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin daha da möhkəmləndirilməsində gənclərin mühüm rol oynaya biləcəyini vurğulayıb: “Bu gün Özbəkistanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatıb. İki dövlətin liderləri gənclər siyasəti, təhsil, mədəniyyət və idman sahələrində fəal mübadilələri davam etdirmək barədə razılığa gəliblər. İndi bu yaxınlığı gənclər səviyyəsində də məzmunla zənginləşdirmək vacibdir”.
“Dövlətlər arasında dostluğu sənədlər möhkəmləndirir, lakin bu dostluq nəsildən-nəslə, ilk növbədə, insanlar, xüsusilə də gənclər vasitəsilə ötürülür”, - deyə M.Akramov vurğulayıb. Onun sözlərinə görə, dövlət və ictimai institutların vəzifəsi gənclərin problemləri müstəqil şəkildə müəyyənləşdirə, həll yollarını tapa və ideyalarını həyata keçirə biləcəkləri şərait yaratmaqdan ibarətdir.
“Bizim vəzifəmiz gəncə hazır cavab verməkdən daha çox, onun öz həll yolunu axtarması və bunu həyata keçirməsi üçün şərait yaratmaqdır”, - deyə M.Akramov bildirib.
Müxbir – Lalə Minasazova