İQTİSADİYYAT
MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN DÖRD ÖLKƏSİ VAHİD İQTİSADİ MƏKAN YARATMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın Moskvadakı müxbiri xəbər verir ki, fevralın 23-də Kremldə Rusiya, Belarus, Ukrayna və Qazaxıstan arasında vahid iqtisadi məkan yaradılmasının zəruriliyi haqqında birgə bəyanat imzalanmışdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Belarus Prezidenti Aleksandr Lukaşenkonun, Ukrayna Prezidenti Leonid Kuçmanın və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin imzaladıqları bu sənəd sentyabrda dörd dövlət arasında vahid iqtisadi məkan yaradılması haqqında tammiqyaslı saziş imzalanması üçün təməl olmuşdur. Sənəddə deyilir ki, dörd ölkə arasında iqtisadi inteqrasiyanın və bu ideyanın həyata keçirilməsi tədbirlərinə dair danışıqların yeni mərhələsi başlanır. Gələcək tammiqyaslı sənəddə yeni iqtisadi məkan üçün hüquqi baza yaradılması, bir sıra istiqamətlərdə razılaşdırılmış iqtisadi siyasət yeridilməsi, müvafiq qanunvericiliyin uyğunlaşdırılması, ticarət və tariflər üzrə vahid tənzimləyici dövlətlərarası komissiyanın təşkili nəzərdə tutulmuşdur. Son məqsəd Regional İnteqrasiya Təşkilatının yaradılmasıdır.
Rusiya ekspertləri hesab edirlər ki, bu dörd dövlətin gələcəkdə vahid valyuta məkanına keçməsi, yəni vahid rubl zonası yaratması istisna olunmur. Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın daxil olduqları Avrasiya İqtisadi Əməkdaşlıq Zonasının bu yaxınlarda keçirilmiş iclasında vahid valyuta zonası yaradılmasının mümkünlüyü barədə söhbət getmişdir.
Azərbaycan bu cür qurumlara daxil deyildir. Respublikamız Birlik dövlətləri ilə və onların hər biri ilə ikitərəfli qaydada ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirməklə kifayətlənir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva