Muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 1995-ci ilə nisbətən 341,4 dəfə artıb
Naxçıvan, 15 aprel, AZƏRTAC
1995-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 3 milyon 49 min manat idisə, bu göstərici ötən müddət ərzində 341,4 dəfə artaraq 2020-ci ildə 1 milyard 41 milyon 17 min manatdan çox olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ümumilikdə, son illər ərzində muxtar respublika iqtisadiyyatına 11,7 milyard manatdan artıq investisiya yönəldilib. İnvestisiya nəticəsində 418 elm və təhsil, 306 səhiyyə, 543 mədəniyyət, 622 inzibati bina, 187 körpü, 173 nasos stansiyası, 435 subartezian quyusu tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bununla yanaşı, min kilometrlərlə müasir səviyyəli yollar və yol qovşaqları tikilib, elektrik stansiyaları, su anbarları və digər infrastruktur obyektləri istifadəyə verilib ki, bütün bunlar da muxtar respublikanın iqtisadi qüdrətinin artmasına öz töhfəsini verir.
Qeyd edək ki, muxtar respublikanın sosial-iqtisadi inkişafında Dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Muxtar respublika rəhbərinin rayonlarda müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar tarazlı inkişafın təmin edilməsində müstəsna rol oynayıb. Blokada şəraitində yaşasa da, məhz bunun nəticəsində Naxçıvanın inkişafı davamlı xarakter alıb.