Naftalanda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çoxnövçülük üzrə şəhər çempionatı keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Naftalan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə çoxnövçülük üzrə “Dəmir yumruq” adlı şəhər çempionatı keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, “Vətənin müdafiəsinə hazıram” devizi altında təşkil olunan çempionatda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın məqsədi gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, çağırış yaşlı gənclərin hərbi xidmətə yola salınmasına hazırlıq və şəhərdə çoxnövçülük idmanına marağın artırılmasıdır.
Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elman Şərəfxanov idmançıları salamlayaraq, müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətlikdən söz açıb və onlara yarışda uğurlar arzulayıb. Ölkəmizdə idmanın inkişafı üçün dövlətimiz tərəfindən göstərilən qayğının nəticəsi olaraq idmançıların bu etimadı doğrultmalarının vacibliyi bildirilib.
Yarışın qalibi İmadəddin Nəsimi adına şəhər 1 nömrəli tam orta məktəbin “Dəmir yumruq” komandası olub. Qalib komanda Naftalan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla mükafatlandırılıb.