“NAMƏLUM SƏTTAR”
Onların arasında S.Bəhlulzadənin tələbəlik illərində modellərlə çəkdiyi nadir işlər, Rubensin portretinin surətləri, habelə Məcnunun, Molla Pənah Vaqifin və əlbəttə, Füzulinin obrazları da var. Məhəmməd Füzulinin poeziyası və fəlsəfəsi rəssamın yaradıcılığına çox böyük təsir göstərmişdir. Kitabda tuşla çəkilmiş məşhur “Bakıda yaylım atəşi” rəsminin eskizlərini də görmək olar. İlk dəfə 1947-ci ildə nümayiş etdirilmiş bu rəsm S.Bəhlulzadə yaradıcılığında dönüş nöqtəsi olmuş, məhz bu əsərdən sonra o, lirik, həssas Səttar kimi tanınmışdır.
S.Bəhlulzadə, haqlı olaraq, Azərbaycan peyzaj rəngkarlığının banisi, doğma təbiətimizin nəğməkarı sayılır. O, incə, bəzən gözlənilməz cizgilərlə təbiətin ən müxtəlif məqamlarını, yurdumuzun gözəlliklərini təsvir etmişdir. Yeni kitabda dərc edilmiş bir sıra eskizlər, o cümlədən neft mədənləri mövzusunda böyük kompozisiyalar, çoxlu peyzaj işi və natürmort buna sübutdur.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda S.Bəhlulzadənin çoxlu fotoşəkli də verilmişdir.
Sənətşünas Ziyadxan Əliyevin şərhləri böyük ustadın rəsmlərinin və bütün qrafik irsinin bədii-estetik məziyyətlərini qiymətləndirməyə imkan verir.
Kitaba Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov uzun illərdən bəri əməkdaşlıq etdiyi “Buta” dizayn şirkətinin bazasında nəfis tərtibat vermişdir.
İki min nüsxə tirajla buraxılan kitabın bir hissəsi respublika kitabxanalarına, Rəssamlıq Akademiyasına və digər yaradıcı tədris müəssisələrinə veriləcəkdir.